Azərbaycan məktəblərində çalışan pedaqoji heyətin əksər hissəsini qadınlar təşkil edir. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində daimi əsaslarla 29657 müəllim çalışır. Onlardan 27600-ü qadın və 2057-si kişidir. Kişi müəllimlərin sayının az olması təhsil sahəsində hələ də aktuallığını qoruyan problemlərdən biridir. 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bunları dilə gətirib: “Məhz müəllimlərin əməkhaqqının azlığı, bu istiqamətdə təhsil almaq istəməyən oğlan tələbələrin sayının az olması ilə müşahidə olunur. Doğrudur, son dövrlər bəzi ixtisaslar üzrə müəyyən qədər artım müşahidə edirik. Məsələn, riyaziyyat, fizika, kimya müəllimliyi üzrə təhsil alan oğlan tələbələrin sayının artdığını demək olar. Amma yenə də bu yetəri qədər say deyil”. 

Təhsil eksperti çıxış yolunu əməkhaqqının artırılmasında və müxtəlif güzəştlərin tətbiqində görür: “Düzdür, bununla bağlı artıq dövlət tərəfindən sertifikasiya imtahanlarının keçirilməsi və burada uğurlu nəticəsi olanların əməkhaqqına ən azı 35% artım nəzərdə tutulur. Bununla yanaşı düşünürəm ki, motivəedici addımlar da atılmalıdır. Məsələn, oğlan tələbələr üçün təqaüdün bir qədər artırılması, müəllimlik istiqamətində təhsil alan və bu istiqamətdə çalışmaq istəyən şəxslərə müəyyən sosial yönümlü yardımlar və digər bu kimi addımlar bu sahədə kişilərin sayının artmasına səbəb ola bilər”.

Əməkdar müəllim Almaz Həsrət isə hesab edir ki, məsələnin həlli üçün zaman lazımdır: “İllər öncə iqtisadi çətinliklərlə əlaqədar kişilər müəllimlik peşəsindən uzaqlaşırdılar. Çünki əməkhaqları ailəni dolandırmağa kifayət etmirdi. İqtisadi çöküş təhsilə də öz təsirini göstərirdi. Amma artıq yavaş-yavaş balans bərabərləşməyə doğru gedir. Niyə? Çünki artıq iqtisadi çöküş yox, müəllimlərin məvacibinin artırılması onun imtahan nəticəsində topladığı balından asılıdır”.

“Finlandiya Azərbaycanlıları Assosiasiyası”nın həmsədri Arzu Oqtay 2005-ci ildən bu yana Finlandiyada yaşayan həmvətənlərimizə Azərbaycan dili fənnindən dərs deyir. O, İqtisadiyyat.az-a dünyanın ən yaxşı təhsil sisteminə sahib ölkələrindən olan Finlandiyadakı vəziyyətdən söz açıb: “Mən tək Azərbaycanda deyil, Finlandiyada da bu problemin şahidi olmuşam. Mən dərs dediyim məktəbdə 39 müəllim heyəti varsa, onun bir nəfəri kişidir. Uzağı başqa bir məktəbdə bu say biraz fərqlə dəyişə bilər”. 

A.Oqtay oğlanların müəllim olmaq istəyinə cəmiyyətin bəzi üzvlərinin münasibətinin yanlış olduğunu bildirib və bunun dəyişilməli olduğunu qeyd edib: “Bizdə elə bölgələr var ki, orada müəllim olmaq istəyən oğlana pis baxırlar ki, sən niyə müəllim olursan. Halbuki bu kökündən yanlış yanaşmadır. Kişi müəllimlərin sayının çox olması müəllim-şagird dostluqlarını artırar, oğlan şagirdlərin pis vərdişlərə yönəlməsinin qarşısını almış olar”.