"Beynəlxalq səviyyədə tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) səlahiyyətliləri israr edirlər ki, Kipr yunan tərəfi ilə danışıqların bərpası yalnız bərabər beynəlxalq status əsasında mümkündür". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ŞKTC-nin prezidenti Ersin Tatar qarşıdan gələn yeni il ilə bağlı müraciətində bildirib.

"Türkiyə və ŞKTC-yə qarşı hələ də düşmən mövqedə olan Kipr Rum rəhbərliyi bizi 1974-cü ildən əvvəlki dövrə qaytarmaq, Türkiyəni Kiprdən qovmaq arzusundadır. Bir daha təkrar etmək istəyirəm ki, Kipr problemi ilə bağlı aydın mövqeyimizdən dönməyəcəyik və bərabər suverenliyimiz və bərabər beynəlxalq statusumuz qəbul olunmayana qədər danışıqlar masasına qayıtmaq niyyətində deyilik", - ŞKTC lideri qeyd edib.

Kipr lideri vurğulayıb ki, onun fikrincə, Kipr probleminin həlli adanın çiçəklənməsinə və Türkiyə ilə Yunanıstan arasında münasibətlərin inkişafına ciddi töhfə verəcək, eyni zamanda ölkədə sülh və sabitliyin bərqərar olmasına gətirib çıxaracaq: "Ümid edirik ki, bu səmimi mövqe və humanitar təşəbbüslərimiz 2024-cü ildə rezonans doğuracaq".

Tatar həmçinin söz verib ki, Kipr türkləri beynəlxalq aləmdə öz yerlərini tutmaq və Türk Dövlətləri Təşkilatı ölkələri ilə səmimi əlaqələri inkişaf etdirmək üçün hər cür səy göstərəcəklər.