“Prezident İlham Əliyevin pensiyaların indeksləşdirilməsi ilə bağlı imzaladığı sərəncam sosial sahədə islahatların davamıdır və bu, bütün pensiyaçılarımızın sosial təminatını yaxşılaşdıracaq”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O xatırladıb ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixdə imzaladığı sərəncama uyğun olaraq pensiyaların minimum məbləği 1 fevral 2025-ci ildən 320 manata çatdırılıb, yəni 14.3 faiz artırılıb:
“Eyni zamanda Prezident həmin sərəncamla Nazirlər Kabinetinə göstəriş verdi ki, 3 ay ərzində, yəni mart ayının sonlarına qədər təqaüdlərin və müavinətlərin artırılması ilə bağlı da təkliflər versin. Həmçinin müvafiq sərəncamla yanvarın 1-dən minimum əmək haqqı da 16 faiz artırılaraq 400 manata çatdırılıb. Bütövlükdə, bu paket 5-ci islahatlar zərfidir və təxminən 3 milyondan çox soydaşımız bu paketdən faydalanacaqlar”.
Komitə sədri pensiyaların indeksləşdirilməsi ilə bağlı sərəncamla bağlı bildirib ki, qanunvericiliyə uyğun olaraq ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq cari ildə pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılır: “Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2024-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempi 8.1 faiz təşkil edib. Buna uyğun olaraq bütün növ pensiyaçıların pensiyasının sığorta hissəsi 8.1 faiz artırılacaq. Eyni zamanda cənab Prezidentin sərəncamında pensiya kapitalının da inflyasiyadan qorunması üçün tədbirlər nəzərdə tutulur. Ötən il ərzində inflyasiya faizi 2.2 faiz təşkil edib və 2.2 faiz həcmində də bütün pensiyaçıların pensiya kapitalı indeksləşdiriləcək. Bu da bütün pensiyaçılarımızı əhatə edəcək ki, onların pensiya kapitalı artırılsın və inflyasiyanın mənfi təsirlərindən qorunsun. Beləliklə, bu sərəncam 1.1 milyon pensiyaçının pensiya təminatının yaxşılaşdırılmasına xidmət edəcək”.
M.Quliyev onu da əlavə edb ki, sərəncamda nəzərdə tutulan hər iki müddəanın icrası 2025-ci ilin 1 yanvar tarixindən hesablanacaq: “Artıq yanvar ayının pensiyasını almış şəxslərin pensiya faizi fevral ayının pensiyasının üzərində hesablanaraq veriləcək və mart ayından isə hər ay düzənli şəkildə hər kəs öz artırılmış pensiyalarını alacaq”.
Elçin Mehdiyev