Rusiya keyfiyyətli sülh tərəfdarı olduğunu bildirib. Şimal qonşumuz həm də bəyan edib ki, sürətli sülh istəmir.

Rusiyanın keyfiyyət dediyi nəyə hesablanıb?

Rusiya üçün Azərbaycanda və Ermənistanda hərbi bazasının qalması və Zəngəzur dəhlizinə nəzarəti yalnız onun əlində olması keyfiyyətli sülh ola bilər.

Rusiyanı əvəz etmək də Fransa üçün keyfiyyətli sülh ola bilər.

Azərbaycan üçün keyfiyyətli sülh nə ola bilər? Ermənistan ordusunun qalıqları Qarabağdan çıxır, Rusiya sülhməramlıları da həmçinin, bundan əlavə delmitasiya və demarkasiya məsələsi öz həllini tapır, Ermənistan torpaq iddiasından əl çəkir.

İndiki məqamda görürük ki, nə Rusiyaya, nə Ermənistana, nə də Azərbaycana sülh lazım deyil. Deyənlər olacaq ki, rəsmi Bakı sülhün olmasını istəyir axı. Bəli istəyir. Ancaq rəsmi Bakının keyfiyyətsiz sülh istədiyini düşünmürəm. Müharibədə qalib tərəfin keyfiyyətsiz sülhə razılıq verəcəyi inandırıcı deyil, mümkün də görünmür. Əgər Azərbaycan hər nə olur olsun, əsas slüh olsun desəydi, həmin o sülh çoxdan imzalanmışdı. Məğlub olan Ermənistan belə sülhdən qazanclı çıxmaq niyyəindədir. Ona görə də, keyfiyyətli sülhü təkcə Rusiya yox, prosesə birbaşa və dolayısı ilə daxil olan bütün tərəflər istəyir.

Bilirik ki, rəsmi Bakının qırmızı xətti Qarabağdakı Ermənistan ordusunun qalıqlarıdır. Azərbaycan tərəfi onların silahsızlaşdırılması, yaxud ərazidən çıxarılması yönündə işlər aparır. Bir çox ekspertlər Azərbaycanın konkret vaxt verib, sonra hərəkətə keçməli olduğunu da dilə gətirir. Bu da mümkündür. Ancaq bu məsələdə ciddi qarşıdurmanın olma ehtimalı da var.

Misal üçün rəsmi Bakı yaşıl yol xəritəsini təklif edə bilər. Necə ki, Rusiya Ukrayna müharibəsində bu baş verdi. Rusiya bir dəfə belə bir təklif etdi, əməl edənlər sonradan güllələnmişdi. Ancaq sonradan Türkiyənin vasitəsçiliyi ilə yaşıl yol xəritəsi həyata keçirildi. Türkiyə və Ermənistan münasibətlərin normallaşmasını istəyir. Digər yandan Türkiyə faktiki olaraq regionda mövcutdur. Yaşıl yol xəritəsində Türkiyə qarant dura bilər. Misal üçün rəsmi Bakı konkret marşurut müəyyən edir, erməni silahlılarının çıxması üçün vaxt verir. Onların təhlükəsizliyini isə Türkiyə tərəfi üstünə götürür. Bu təkcə Azərbaycanın problemini həll etmir. Bu həm də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yolunda ciddi bir addım da ola bilər. Bu cür razılaşmanın əldə olunması gərginliyi sıfıra endirir, qarşıdurmanı sıfırlayır və beləcə qansız məsələ öz həllini tapmış olur.

Təbii ki, bu məsələyə mane olmaq istəyən dövlətlər də olacaq. Qarabağ həm də elə problemlərdəndir ki, dünyanın hər nöqtəsində çirkaba batan ölkələr burada özlərini Vaftiz (xaç suyuna salma ayini) etmək istəyirlər.

Müharibə hər zaman mümkündür, sülh olmadıqca hər an baş verə bilər. Ancaq sülh yolu ilə problemin həll edilməsi üçün müxtəlif vasitələrdən, analogiyalardan yararlanmaq lazımdır. Yaşıl yol xəritəsi mümkün vasitələrdən biridir. Hesab edirəm ki, bu yöndə işlərin aparılmasına ehtiyac var.

Yumşaq gücdən istifadə edilir, sərt gücdən zaman-zaman istifadə edilir, ağıllı gücdən də istifadə etməyə gərək var. Yox, əgər həqiqətən prosesin tək yolu hərb qalıbsa, onda heç baş sındırmağa da dəyməz...

İqtisadiyyat.az

Səxavət Məmməd