“Hazırda qlobal neft bazarlarında təklif artımı müşahidə olunsa da, tələb artımı zəif olaraq qalır”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Onun sözlərinə görə, “OPEC+” alyansının 2025-26-cı illəri əhatə edən hasilat siyasəti növbəti iki ildə neft bazarlarında tarazlığın təmin edilməsinə hesablanıb: “Baxmayaraq ki, qiymətlərin yaxın müddətdə dəyişkən qalacağı ehtimalı mövcuddur. Digər bir önəmli məsələ isə ondan ibarətdir ki, kəsintilərlə bağlı çoxsəviyyəli sazişlərin qüvvədə saxlanması “OPEC+” birliyinin qorunub saxlanmasına bir işarədir”.

Ekspert söyləyib ki, beləliklə, “OPEC+” alyansının kəsintilərinin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək: “Belə ki, gündəlik 2,2 milyon barrel könüllü kəsintilərin tədricən bazara qaytarılma müddəti 12 aydan 18 ayadək, gündəlik 2 milyon barrel kollektiv kəsintinin icrası 2026-cı ilin sonuna kimi uzadıldı. Gündəlik 1,66 milyon barrel kəsintinin müddəti 2026-cı ilin sonuna qədər uzadıldı. Azərbaycanın da iştirak etdiyi “OPEC+” alyansının obyektiv vasitələrə söykənən son addımı yaxın müddətdə neft tarazılığı ilə bağlı bədbin proqnozlara son qoydu”.

 

 

İsmayıl Bakuvi