Xətai rayonu, “8 Noyabr” prospektində keçən ilin ortalarında quraşdırılan işıqforların hələ də işləmədiyi deyilir.

İqtisadiyyat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, onlardan biri Fəzail Bayramov küçəsi ilə kəsişmədə, digəri isə nizamlanmayan piyada keçidində yerləşir.

Bu isə yolu keçmək istəyən piyadalar üçün təhlükə yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, nizamlayıcının işə salınması üçün son texniki tamamlanma işləri aparılır:

“Paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrininin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır. Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. “8 Noyabr” prospektində də işıqforlar quraşdırılıb. Nizamlayıcının işə salınması üçün son texniki tamamlanma işləri aparılır. Qarşıdakı günlərdə işıqforlar işə salınacaq”.