Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar şikayətlər hər il olduğu kimi, 2022-ci ildə də üstünlük təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, belə ki, ümumilikdə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı daxil olan şikayətlərin təxminən yarısı alimentin ödənilməməsi ilə bağlı olmuşdur. Bir sıra şikayətlərlə əlaqədar görülmüş tədbirlər nəticəsində aliment öhdəlikləri üzrə ödənişlər tam və ya qismən bərpa edilmiş, digər hallarda borclunun ölkə hüdudlarından kənara çıxması və ya axtarışa verilməsi səbəbindən gizlənməsi, borclunun rəsmi iş yerinin və gəlirlərinin, eləcə də əmlakının olmaması, faktiki olaraq borcluya məxsus olan əmlakın başqa hüquqi baxımdan digər şəxslərin adına rəsmiləşdirilməsi ilə gizlədilməsi və bu kimi digər səbəblərdən müvafiq məhkəmə qərarlarının icrası şikayətlərin araşdırılması dövründə mümkün olmayıb.

Qeyd olunanları, eləcə də aliment ödənişlərinin təyinatını və qanunvericilikdə alimentlə bağlı öhdəliklərin icrasına xüsusi yanaşmanın təsbit edildiyini nəzərə alaraq, həmin məhkəmə qərarlarının icrasının daha operativ təşkilinə diqqətin artırılması, bu məqsədlə aidiyyəti qurumların fəaliyyətinin səmərəli əlaqələndirilməsi zəruridir.