Amerikanın “Kellogg Brown & Root Services” (KBR) kampaniyası SOCAR-la birgə icra etdiyi “Azəri-Mərkəzi-Şərqi” platformasının bütün fazalar üzrə mühəndis dizayn mərhələsinin başa çatmaq üzrə olduğunu açıqlayıb.

İqtisadiyyat.az-ın KBR-in rəsmi saytından əldə etdiyi məlumata əsasən, bu, bütün fazaları KBR-in “Digital Twin” texnologiyalarından istifadə edilməklə detallı şəkildə diyazn edilmiş ilk platformadır. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, platformada həyata keçirilən istehsalat və istismar prosesi bütün müştərilər tərəfindən izlənilə biləcək. 

“SOCAR-KBR” üçün təsis edilən rəqəmsal platforma əsasında müştərilər və tərəfdaşlar dünyanın hər yerindən layihənin bütün icra mərhələləri ilə bağlı məlumatları əldə etmək imkanı qazanacaq.

Xəzər bölgəsindəki enerji layihələrinin rəqəmsallaşdırılması yolunda liderlik etməkdən qürur duyduqlarını bildirən SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezident və “SOCAR-KBR”in sədri Yaşar Lətifov əlavə edib ki, bu layihə müasirləşmə və transformasiya təşəbbüslərində əhəmiyyətli bir addımdır. 

Layihə “SOCAR-KBR” tərəfindən Bakıda yerli mühəndislər və Londondakı KBR-in data mühəndisləri qrupu tərəfindən birgə həyata keçirilib.

Xatırladaq ki, 6 milyard dollarlıq “Azəri-Mərkəzi-Şərq” layihəsinə yeni dəniz platforması və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Bu, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 

Layihə üzrə tikinti işlərinə 2019-cu ilin iyulunda başlanılıb və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. 

“Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Azəri-Çıraq-Günəşli-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.

Qeyd edək ki, “SOCAR-KBR” MMC SOCAR və KBR-in birgə müəssisəsidir. SOCAR şirkət üzrə 51 faiz paya, KBR isə 49 faiz paya sahibdir.