İqtisadiyyat.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov deyib.
Onun sözlərinə görə, qeyd edilən platformalardan malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementli olduğundan tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:
"Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq olunacaq hüquq tərəflər arasında razılaşdırılmalıdır. Bu zaman müqavilənin şərtləri və işin xüsusiyyətləri də nəzərə alınmalıdır".
Şöbə müdiri daşıma şirkətlərinin xidmətlərindən istifadə zamanı yaranan münasibətlərdən də söz açıb.
O vurğulayıb ki, bir çox hallarda xarici ticarət platformalarından sifarişlər zamanı yaranan problemlər daşıma şirkətləri ilə bağlı olur:
"Bu zaman daşıma şirkətlərinin xidmətlərindən istifadə zamanı verilən sifarişlərlə bağlı yaranan münasibətlərə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir".
E.Cəfərov söyləyib ki, əgər sifariş olunan mal 3 ay ərzində daşıyıcı tərəfindən çatdırılmazsa, itirilmiş hesab olunur:
"Bu zaman malın dəyərini daşıyıcı ödəyir. Lakin burada da istisnalar var. Belə ki, daşıma şirkəti yükün itirilməsinin və ya məhvinin risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərənin və ya yük alanın təqsiri və qarşısının alınması mümkün olmayan digər hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, onun məsuliyyəti aradan qalxır.
Bundan başqa, göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxılmalara yol verilərsə, istehlakçı bu problemi aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ var. Bundan başqa, xidmətdə qüsurlara yol verilməsi halında yaranan problemi istehlakçı öz vəsaiti ilə aradan qaldırarsa, çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququna malikdir".