İsmayıllı rayonunun İvanovka kəndində yerləşən Nikitin adına Kolxoz adını və təşkilati-hüquqi formasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, Kolxoz "İvanovka Aqropark" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.

Xatırladaq ki, sözügedən təsərrüfat Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib. N.V.Nikitin kolxoza rəhbərlik etdiyi dövrlərdə təsərrüfat böyük uğurlar qazanıb. Onun bu zəhməti dövlət tərəfindən qiymətləndirilərək Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb.

Azərbaycanda 1996-cı ildən başlanan aqrar islahatlar zamanı İvanovka kəndinin rus icması ümummilli lider Heydər Əliyevə müraciət edərək kolxoz quruluşunun saxlanmasını xahiş ediblər. Ümummilli lider icmanın müraciətini nəzərə alaraq kolxozun saxlanmasını və kolxoza həmin təsərrüfata 41 il rəhbərlik etmiş Nikolay Vasilyeviç Nikitinin adının verilməsinə razılıq verib.

Nikitin adına Kolxoz 1970-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasiliy Uryupin İvanoviçdir.

Kolxoz bitkiçilik (buğda, arpa, noxud, günəbaxan, tərəvəz, üzüm) və heyvandarlıq (iribuynuzlu, xırdabuynuzlu, donuzçuluq, quşçuluq) istiqaməti üzrə fəaliyyət göstərir.