İqtisadiyyat.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, İstilik enerjisi istehlakçının aşağıdakı vəzifələri olacaq:

•    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən istilik qurğularının quraşdırılması qaydalarına, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və istilik qurğularının texniki istismar qaydalarına, habelə yazılı göstərişlərə əməl etmək;

•    istilik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əməl etmək;

•    paylayıcının səlahiyyətli nümayəndələrinin sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış sayğaca baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;

•    istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək.

İstilik enerjisi istehlakçısının aşağıdakı hüquqları olacaq:

•    bu qanunun tələblərinə uyğun olaraq tikinti obyektlərinin şəbəkəyə qoşulmasını tələb etmək;

•    istilik enerjisinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz istilik enerjisi ilə təmin olunmaq;

•    istilik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın satıcı tərəfindən ödənilməsini tələb etmək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.