İspaniyada son 30 ilin ən böyük daşqını olan “Dana” fırtınası nəticəsində həlak olanların sayı 104-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "ABC" qəzeti məlumat yayıb. 

Fövqəladə xidmətlərin hesablamalarına əsasən, təbii fəlakət zamanı ən azı 104 nəfər həyatını itirib, bunlardan 101-i Valensiyada qeydə alınıb.

İtkin düşənləri axtarmaq üçün işlər davam edir, xilasedicilər dağıntıları aradan qaldırmaq üçün fasiləsiz çalışırlar.

“Dana” adlı fırtına İspaniyaya 29 oktyabrda güclü yağışlarla zərbə vurub, bəzi bölgələrə iki ilin norması qədər yağıntı gətirib. Yüksələn sudan xilas olmaq üçün yerli sakinlər evlərin damlarına və işıq dirəklərinə çıxmaq məcburiyyətində qalıblar. Təbii fəlakət nəticəsində minlərlə ev və avtomobil zədələnib. Ölkədə daşqın qurbanları üçün üç günlük matəm elan edilib.

Bu daşqın son 30 ildə İspaniyada ən dağıdıcı təbii fəlakət olub. Oxşar miqyaslı daşqın 1996-cı ildə Biescas şəhərində baş vermiş və 87 nəfərin həyatına son qoymuş, 180 nəfəri isə yaralamışdı.