Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) bu il Xəzər dənizinin suyunun Kür çayının yatağına daxil olmasını müşahidə etməyib.

Bunu “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının başa çatması münasibəti ilə keçirilən tədbirdə “Azərkosmos”un məsafədən zondlama üzrə aparıcı mütəxəssisi İsmət Baxışov bildirib.

“Proqramın icra olunduğu 4 il ərzində, monitorinqlər zamanı dəniz suyunun çay suyuna qarışmasını mütəmadi müşahidə edə bilmişik. Əgər bir neçə il bundan əvvəl Xəzərin suyu Kürün Neftçala rayonunun Yuxarı Qaramanlı kəndi ərazisindəki hissəsinə qədər gəlirdisə, ötən il hədd artıq Salyan rayonunun Ərəbqardaşbəyli kəndinə qədər artıb. Amma bu il dəniz suyunun çayın yatağına daxil olması halı ilə rastlaşmamışıq”, - deyə o qeyd edib.