Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaşlardan daxil olan şikayətlərin araşdırılmasını təmin edib. Bu dövr ərzində vətəndaşlardan daxil olan 13 145 ərizə və şikayət araşdırılıb.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Facebook”da yayımlanan “Sosial saat” layihəsində deyib.

O bildirib ki, idarə və təşkilatlardan daxil olan 7 604 məktuba müvafiq cavab verilib, 1 139 vətəndaş qəbul edilib:

“Qeyd edim ki, 2021-ci ilə olan hesabata əsasən, daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı tərəfimizdən görülən tədbirlər çərçivəsində 1 257 405 manat məbləğində gecikdirilmiş ödəmələrin ödənişi təmin edilib. Bu məbləğin 1 238 810 manatı əməkhaqqına, 11 132 manatı zərərə görə, 7 500 manata yaxın məbləğ isə müavinət və kompensasiyaların ödənilməsinə aiddir”.

F.Heydərov onu da əlavə edib ki, ötən il işdən qeyri-qanuni şəkildə azad edilən 34 işçinin yenidən işinə bərpa olunması təmin edilib. Ötən il ərzində 1 508 qanun pozuntusunun aşkarlanması qeyd edilib.