Tarixi günlərini yaşayan Azərbaycan işğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərini davam etdirir. Bu torpaqlarda inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Füzuli rayonunda inşa edilən hava limanı ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər yol da hava limanından birbaşa gediş-gəlişi təmin edəcək. Bununla da digər ölkələrdə yaşayan azərbaycanlılar, həmin ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar.

          Bölgədə böyük iqtisadi layihələr icra olunacaq və bunun üçün böyük şəhərlərin baş planları tərtib edilməlidir. Misal üçün, Ağdam şəhəri. Müharibədən əvvəl orada təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artaraq 50 mindən çox olub. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur yaradılmalıdır. Ondan sonra binalar, o cümlədən məktəblər, xəstəxanalar inşa edilməlidir. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Çünki vəsait də var və bütün güclər də səfərbər edilib.

        Azərbaycana maraq göstərən dost ölkələrə məxsus şirkətlər bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. 10 min kvadratkilometrdən çox ərazi azad edilib.

        İşğaldan azad olunan ərazilərdə bərpa işləri yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat mərkəzi açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək.

        Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Başa düşüləndir ki, artıq hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib.

        İrimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. Bütün kəndlərə asfalt, 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr cari ilin sonuna qədər icra ediləcək. Həmçinin, kənd təsərrüfatı və digər infrastruktur işləri də prioritetdir. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları tikilməlidir.

         Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur. Çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacaq. Füzulidə tikilən hava limanının uçuş-enmə zolaqları və hava limanının fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Hava limanı beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq. Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Hava limanının tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da  2 hava limanının tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib.

           Qarabağın böyük kənd təsərrüfatı potensialı var. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsinə artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Qarabağ “yaşıl enerji” zonasıdır. Məhz azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları tikiləcək. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür.

       İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə də operativ surətdə başlanıb. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Pilot layihələrin icrasına da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılacaq.

          Reallaşacaq layihələr Azərbaycanı dünya miqyasında daha da qüdrətli dövlətə çevirəcəkdir.

 

                    Füzuli rayon prokuroru,

                    kiçik ədliyyə müşaviri

                    Elnur  Rüstəmov