Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın keçmiş işçisi qurumu məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, qurumun keçmiş işçisi İbrahimova Sevinc Elxan qızı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edib.

O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib.

S.İbrahimova Observatoriya tərəfindən işə bərpa edilməsini və əmək haqqının da ödənilməsini tələb edir.

Bakı İnzibati Məhkəməsində müvafiq qərar çıxarılıb. Lakin S.İbrahimova həmin qərardan narazı qalıb və apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

İddia hakim Xəyal Sarıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə iddianı təmin edərsə, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya keçmiş əməkdaşını işə bərpa etməyə və onun işdən ayrıldığı müddət üçün əməkhaqqısını ödəməyə məcbur olacaq.

Qeyd edək ki, Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlidir. O, ötən il bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin keçmiş işçisi Məhərrəmov Nəcəf Fərhad oğlu da işə bərpa məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edib.