Azərbaycanın sığorta bazarında ən böyük pay avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığorta məhsuluna aiddir.

İqtisadiyyat.Az-ın məlumatına görə bunu “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumunda çıxış edərkən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə bu sığorta növü üzrə bağlanılan müqavilələr ümumi müqavilələrin təxminən 50%-ni təşkil edib.

"2018-ci ilin aprel ayından etibarən İcbari Sığorta Bürosu tam avtomatlaşdırılaraq bu sahədə olan neqativ halların aradan qaldırılmasında böyük rol oynayacaq", - deyə İ. Alışov qeyd edib.

O həmçinin əlavə edib ki, İcbari Sığorta Bürosu forum çərçivəsində Hadisələrin İdarəetmə sistemini də təqdim edəcək.

"Bu resursun təqdimatından sonra avtomobil sahiblərinin sığorta üsulları ilə bağlı inqilabi dəyişikliklərə nail olacağıq", - deyə İ. Alışov qeyd edib.

Söhbət mobil əlavədən gedir ki, onun vasitəsilə hadisənin baş verdiyi andan məlumatları onlayn rejimində həm İcbari Sığorta Bürosuna, həm də müvafiq dövlət qurumlarına göndərilməsi həyata keçiriləcək.