Azərbaycan Respublikası prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan anti hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə bir qrup iş adamı tərəfindən yaradılmış "Qələbəyə Dəstək Hərəkatı" Təşəbbüs Qrupunun sıraları sürətlə artır. SİA-nın verdiyi məlumata görə, istər iri şirkətlər, istərsə də fərdi sahibkarlar belə bir müqəddəs amal uğrunda yaradılan hərəkata çox həvəslə qoşulur, imkan daxilində öz maddi və mənəvi dəstəklərini göstərirlər.

04 oktyabr 2020-ci il tarixdə iş adamları "Qələbəyə Dəstək Hərəkatı" bayrağı altında topladıqları ianələr hesabına alınmış müxtəlif adda məhsullarından ibarət 2 yük maşını yardımı Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə təhvil verilib. Əsgərlərimizin gündəlik istifadəsi üçün nəzərdə tutulan əşyalar (corab, papaq, isti alt paltarları, əlcək, tibbi ləvazimatlar, dərman preparatları və s. məhsullar) təhvil verilən hərbi hissədən hərbi maşınlar vasitəsilə birbaşa döyüş bölgəsinə göndərilib.

Xatırladaq ki, 29 sentyabr 2020-ci il tarixdə yaradılan "Qələbəyə Dəstək Hərəkatı"na bu günə qədər 30-dan artıq şirkət və fərdi sahibkar qoşulub. Təşəbbüs qrupu üzvləri önümüzdəki günlərdə də digər cəbhə bölgələrində döyüşən əsgərlərimizi ziyarət edəcək, onlara öz sovqatını çatdıracaqdır.

Bununla yanaşı, Qələbəyə Dəstək Hərəkatı yeni bir kampaniyaya da başlayıb. Belə ki, könüllü şəkildə ordu sıralarına qoşulan əsgərlərimizin ailələrinin yanında olmaq, onların problemləri ilə maraqlanıb həll etmək üçün həmin şəxslərin siyahısı tutulur. İctimaiyyətə müraciət edirik ki, tanıdığınız bu ailələrinin ad, soyad, ata adı və yaşadığı ünvanı təqdim edilmiş nömrənin votsapına göndərsin.

Əlaqə nömrəsi: (+99455) 224 20 70

Qarabağ Azərbaycandır!