İranın bu ilin yanvar-may aylarında neft gəlirləri 19 milyard dollara çatıb.

İqtisadiyyat.az "Tehran Times"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatında deyilir.

Hesabata görə, İranın 2022-ci ildə orta neft hasilatı gündəlik 2,54 milyon barel təşkil edib ki, bu da 2021-ci ildən 140 min barel çoxdur. Məlumata əsasən, Avropa İttifaqı ötən il İrandan 4181 ton xam neft və neft məhsulları idxal edib.

İran prezidenti İbrahim Rəisi ötən İran təqvim ilində (martın 20-də başa çatıb) neft-qaz sektorunun 9% artdığını bildirib. Hazırda ölkənin neft ixracı isə son 2 ilin ən yüksək səviyyəsinə çatıb. Bildirilib ki, ABŞ sanksiyalarının mənfi təsirlərinə baxmayaraq, İran son bir neçə ayda neft hasilatını və ixracını artırıb.

EIA son hesabatında 13 OPEC üzvünün beş ay ərzində ümumi neft ixracının 293 milyard dollar olduğunu bildirib. İran bu dövrdə neft ixracına görə OPEC üzvləri arasında beşinci yeri tutub.Hesabat dövründə neft ixracından ən çox qazanan ölkələr 101 milyard dollarla Səudiyyə Ərəbistanı, 41 milyard dollarla İraq və BƏƏ, 32 milyard dollarla Küveyt olub.