Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrdən biri olan İran iqtisadi sanksiyaların ağır təzyiqi, qeyri-adekvat infrastruktur investisiyaları və sürətlə artan enerji tələbi səbəbindən tarixinin ən ciddi enerji böhranlarından birini yaşayır.

İqtisadiyyat.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, enerji təchizatındakı fasilələr və sənaye sektorunda baş verən fasilələr birbaşa olaraq insanların gündəlik həyatını və əsas infrastruktur xidmətlərini təhlükə altına qoyur, eyni zamanda ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vurur.

Dərinləşən enerji böhranı ölkəni iqtisadi cəhətdən gərginləşdirir və onu çoxölçülü çıxılmaz vəziyyətə salır.

Gündəlik 350 milyon kubmetr təbii qaz çatışmazlığı və 17 elektrik stansiyasının dayanması səbəbindən ölkədə sənaye istehsalında 30-50 faiz azalma olacağı gözlənilir. Bu vəziyyətin İran iqtisadiyyatına on milyardlarla dollar itki kimi yansıması gözlənilir.

Qeyd edilib ki, İran keçmişdə dəfələrlə enerji çatışmazlığı ilə üzləşib, lakin bu dəfə hərtərəfli enerji böhranı ilə üz-üzədir.

Amerikalı professor Brenda Şaffer bildirib ki, böhran təkcə enerji sektoru ilə məhdudlaşmır, həm də ekoloji problemlərə səbəb olur:

"İran sistemli enerji böhranı yaşayır. Keçmişdə dəfələrlə qaz qıtlığı yaşayan İranda bu dəfə elektrik enerjisi sistemi tam çökür. Eyni vaxtda təbii qaz və rafine edilmiş məhsulların qıtlığı yaranıb. Bundan əlavə, elektrik stansiyalarının ağır neftdən istifadəyə keçməsi ilə ekoloji böhran dərinləşib. Eyni zamanda, korrupsiya enerji sektorunda əhəmiyyətli bir problem olaraq qalır. Ayrılan vəsaitin böyük bir hissəsi korrupsiyaya sərf olunur ki, bu da infrastrukturun yenilənməməsinə gətirib çıxarır".

Professorun sözlərinə görə, İranda enerji böhranının əsas səbəblərindən biri yerli qaz və elektrik enerjisinin qiymətlərinin tənzimlənməməsidir. Çünki qiymət siyasəti ictimaiyyəti məmnun etməyə yönəlmiş dövlət subsidiyasıdır. İran rejimi yeni iğtişaşların yaranma riskindən çəkindiyinə görə qiymət siyasətini dəyişdirə bilmir. Eyni zamanda, İranda istehsal olunan yanacağın təxminən 20 faizi qaçaqmalçılıq yolu ilə xaricə aparılaraq qonşu ölkələrə satılır. Bundan əlavə, İran mövsümi dalğalanmaları tənzimləmək üçün kifayət qədər qaz anbarına malik deyil.

B.Şaffer qeyd edib ki, İran dünyada enerji səmərəliliyi ən aşağı olan iqtisadiyyatlardan biridir. Lakin enerji qiymətlərinin aşağı olması səbəbindən israfçılıq da pik həddə çatıb və bu, enerji səmərəliliyinə mənfi təsir göstərir: "Ölkə neft və təbii qazla zəngin olsa da, israfçılıq mənfi nəticələrə gətirib çıxarır. Misir və İndoneziya kimi ölkələrdə də oxşar problemlər var. Yüksək istehlak və israfçılıq bu ölkələri tez bir zamanda enerji idxalçısına çevirib".

Amerikalı mütəxəssisin qənaətinə görə, Tehran Türkiyə, İraq və Ermənistana qaz ixracını davam etdirsə də, daxili bazardakı qıtlıq səbəbindən ixrac etibarlılığını itirib.

Gözəl Həşimova