İran prezidenti İbrahim Rəisi aprelin 22-24-də Pakistanda rəsmi səfərdə olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İran prezidenti İbrahim Rəisi aprelin 22-dən 24-dək Pakistanda rəsmi səfərdə olacaq", - məlumatda deyilir.

Rəisini onun xanımı, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və hökumətin digər üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti, biznes nümayəndələri müşayiət edəcək. Səfər çərçivəsində İran prezidenti Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şəriflə görüşəcək. Rəisi Lahor və Kəraçiyə də səfər edəcək.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər zamanı İran-Pakistan əlaqələrinin möhkəmləndirilməsi və ticarət, rabitə, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq. Tərəflər regional və dünyada baş verən hadisələri, həmçinin ümumi terrorizm təhlükəsi ilə mübarizədə ikitərəfli əməkdaşlığı nəzərdən keçirəcəklər.