“ABŞ-də mümkün hakimiyyət dəyişikliyindən öncə İsrailə zərbə vurmaq cavab tədbirlərin görülməsi baxımından İrana sərf edir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, baş verən proseslərə baxdıqda, İranın İsrailə hücum edəcəyi ehtimalı daha çox görünür: “Burada bir neçə amilə diqqət yetirmək lazımdır. Hər şeydən öncə İsrailin 26 oktyabr hücumuna İranın cavab verəcəyi məsələsi ölkədə yüksək səviyyədə elan edilib. Bu həm prezident səviyyəsində, həm də İranın Ali rəhbəri bu məsələ iə bağlı tapşırıq verib. Bu o deməkdir ki, cavab verilməsə, bu siyasi iradənin geri addım atması deməkdir. Bunun isə İran üçün həm daxili ictimai rəydə doğru qəbul edilməməsi, həm də ən vacib məsələ kimi müqavimət oxu adlandırılan coğrafiyadakı İranın onsuz da zəifləyən nüfuzunun daha da pis vəziyyətə düşməsi deməkdir”.

Siyasi şərhçi bildirib ki, Qəzza müharibəsi başladıqdan sonra İranın bu coğrafiyada qüvvələr arasında etibarı əvvəlki kimi deyil: “Çünki İranın bu açıqlaması o yöndə olub ki, onlar Fələstini müdafiə edcəklər, lakin bu prosesdə heç bir addım atmırlar. Paralel olaraq, İsrail tərəfindən “Hizbullah”a qarşı zərbələr endirilir. “Hizbullah”ın lideri Həsən Nəsrullahın ölümündən sonra belə İran yenə bu prosesin qarşısını ala bilmir. Ona görə də səhnə xatirinə olsa belə İran hər hansı addım atmalıdır. İsrailə heç bir zərər vura bilməsə belə, ən azından zərbə endirməyə məcburdur. Burada əsas vacib məsələnin zərbənin nə vaxt endiriləcəyi ilə bağlıdır”.

A.Nərimanlı qeyd edib ki, zərbənin endiriləcəyi ehtimalını artıran amillərdən biri də ABŞ-də keçiriləcək seçkilərlə bağlıdır: “Hesab edirəm ki, ABŞ-dəki seçkilər İranı bu zərbəni endirməyə tələsdirə bilər. Bu proses seçkidən bir neçə gün sonra da baş verə bilər. Burada əsas məsələ ABŞ-dəki hakimiyyət dəyişikliyi ilə bağlıdır. Çünki ABŞ-dəki hazırki hakimiyyət-demokratların hakimiyyəti İran və İsrail arasında böyük qarşıdurmanın qarşısını alan qüvvədir. İsrail nə qədər İranı böyük müharibəyə cəlb etməyə maraqlı olsa da, bu ABŞ-nin istəyi ilədir. İndiyə qədər bu baş verməyib. İsrailin İrana hücumları zamanı da məhz nüvə və enerji obyektlərinin vurulmaması da Amerikanın istəyi ilə baş verib”.

Siyasi şərhçi hesab edir ki, bu məsələ İranın maraqlarına uyğun gəlir, çünki, İran özü belə bir böyük müharibəyə qoşulmaq istəməz və daha çox hibrid xarakterli aparır: “Əgər İsraillə İran arasında daha açıq formada müharibə başlayarsa, bu ABŞ-nin özünün də məcbur olaraq müharibəyə qoşulmasına gətirib çıxara və İrana qarşı beynəlxalq koalisiya yarana bilər. Bu Amerikaya sərf etmədiyi kimi İrana da sərf etmir və maksimum dərəcədə ehtiyatlı davranır. Bu baxımdan ABŞ-də mümkün hakimiyyət dəyişikliyindən öncə İsrailə zərbə vurmaq İrana cavab tədbirlərin görülməsi baxımından sərf edir. Təcrübə göstərdi ki, İran və İsrail bir-birinə qarşı cavab zərbələri endirsə də, bu açıq müstəvidə müharibəyə səbəb olmur və dediyim kimi, bunun əsas səbəblərindən biri ABŞ-nin administrasiyasının böyük müharibəyə razı olmamasıdır. Ona görə də tərəflər arasında vəziyyətə maksimum dərəcədə nəzarət etməyi bacarır”.

“İran da bilir ki, əgər demokratların hakimiyyətdə olduğu dövrdə cavab tədbiri görsə, bu yenə də İran və israil arasında böyük müharibəyə səbəb olmayacaq. Yəni, proseslər tam nəzarətdən çıxmayacaq. Ona görə də ABŞ-də hakimiyyət dəyişikliyi İran üçün əsas qırmızı xətlərdən biridir. Əgər hakimiyyət dəyişikliyi olsa və Tramp hakimiyyətə gələrsə, bu, İsrailin istəyi ilə İrana qarşı koalisiyanın yaranmasına qədər gətirib çıxara bilər. İrana qarşı ən sərt mövqeni Tramp sərgiləyir. İran məhz onun hakimiyyətə gəlməsi ehtimalına qarşı bu prosesdən qabaq zərbə endirə bilər. Bununla da həm də öz imicini qorumaq, İsraili cəzalandırmaq görüntüsü yaratmaq baxımından məhz bu ərəfələrdə də zərbə endirə bilər. Amma hakimiyyət dəyişikliyi baş verərsə, İranı yaxın günlərdə zərbə endirməyə sövq edə bilər, çünki hakimiyyət dəyişikliyi olsa belə təhvil-təslim prosesi yanvar ayına qədər baş verir. İran həmin müddətə qədər cavab tədbiri görə, İsraillə böyük müharibəyə getmədən cavab verə bilər”, - politoloq əlavə edib.

 

İsmayıl Bakuvi