İran Fransa avtomobillərinin ölkəyə qeydiyyatı və idxalına qadağa qoyub.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.

Nazirliyin qərarı çərçivəsində Fransanın Renault, Peugeot və Citroen kimi firmalarının istehsal etdiyi vasitələrin idxalına qadağa qoyulub.

“Bu müddət ərzində fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Maraq yalnız Yapon, Koreya, Çin və Fransadan olmayan Avropa avtomobillərinədir. İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək.”

Qeyd edək ki, İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox Peugeot, Renault və Citroen kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.

Xarici şirkətlər ABŞ-ın geniş miqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar.