2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət statistika komitəsindən verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda 3,1 faiz azalma, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artım olub.

İqtisadiyyatın 40,3 faizi sənaye, 10,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində, 18,5 faizi isə digər sahələrin payına düşüb.

ÜDM-in 9,1 faizini məhsula və idxala xalis vergilər təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4720,8 manata bərabər olub (2,2% artım).

Sənayedə 2021-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox məhsul istehsal edilib.

Sənaye məhsulunun 62,7 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Ölkədə neft hasilatı 2,3 faiz azalıb, qaz hasilatı isə 11,1 faiz artıb.