Maliyyə böhranı ilə üz-üzə qalan Taliban rejimi illər öncə partlatdıqları Budda heykəllərinin qalıqlarından mədəd umur. Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir. ABŞ-nin 2021-ci ilin avqustunda ölkədən çıxmasından sonra dərinləşən iqtisadi böhrandan çıxış yolları axtaran Taliban, Bamyan əyalətində 6-cı əsrə aid Budda heykəllərinin dağıdıldığı bölgədən turizm gəlirlərini artırmaq istəyir. Bu məqsədlə hazırki rejim sözügedən əraziyə turistik səfərlər təşkil etmək qərarına gəlib.  

Əyalətin mərkəzi Bamyanda iki nəhəng Budda heykəli Talibanın qurucusu Məhəmməd Ömərin göstərişi ilə 2001-ci ildə sıradan çıxarılıb. Beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Taliban döyüşçüləri büt hesab etdikləri Budda heykəllərini partlayıcı və raket qurğuları ilə məhv ediblər.

İndi isə ölkəni bürüyən maliyyə sıxıntılarından xilas olmaq üçün bütün variantları gözdən keçirən Taliban rəsmiləri həmin heykəllərin qalıqlarına turistik səfərlər təşkil etmək qərarına gəlib. 

Hökumət administrasiyasının mədəniyyət nazirinin müavini Atikullah Əzizinin sözlərinə görə, Bamyan və xüsusilə Budda heykəlləri həm Əfqanıstan, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Əzizi həmçinin bildirib ki, heykəllərin yerləşdiyi ərazini qorumaq və bilet satışına nəzarət etmək üçün ən azı 1000 döyüşçü təyin edilib. Turistlərin mühafizəsini təmin edən döyüşçülərdən biri Heyal Mohammed xarici mediaya açıqlamasında, "Bu, ölkəmizin kimliyidir. Heç vaxt bombalanmamalı idi" sözlərini dilə gətirib. 

Bamyan valisi Abdullah Serhadi isə belə düşünmür. O, bölgəni qorumaq üçün əlindən gələni edəcəyini ifadə edərək, Talibanın illər əvvəl heykəlləri partlatmasını doğru qərar hesab etdiyini bildirib: "Heykəllər İslam inancına uyğun deyildi. Biz müsəlmanıq. Allahın əmrlərinə tabe olmalıyıq". 

Araşdırmalarla məlum olub ki, şəhərin girişində qurulan ödəmə məntəqələrində yerli əhalidən adambaşı 58 sent, əcnəbilərdən isə 3.45 dollar girişhaqqı alınır. Bundan başqa bölgədə suvenir mağazasının açılması da planlaşdırılır. 

Talibanın Bamyan vilayətindəki informasiya və mədəniyyət direktoru Sayfurrahman Muhammedi, keçən il əksəriyyəti Əfqanıstan vətəndaşlarından ibarət 200 min turistin bölgəyə səfər etdiyini bildirib. Hər turistin orta hesabla 57 dollar xərclədiyini qeyd edən qurum rəsmisi burada aparılacaq abadlıq işləri ilə ərazinin mühüm gəlir mənbəyinə çevrilə biləcəyini qeyd edib.