Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 38 035 nəfərə ipoteka krediti verilib. Bəs ipoteka ilə alınmış mənzilin yerləşdiyi bina hər hansı səbədən sökülərsə, bu halda ipoteka götürən nə etməlidir?

İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə təminat qismində çıxış edən ipoteka predmeti məhv olduqda, həmçinin üzərində mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda itirildikdə və ya zədələnmə nəticəsində öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə borcalan tərəfindən ipoteka krediti üzrə ödənişlərin həyata keçirilməsi davam etdirilir.

"“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir", - deyə məlumatda qeyd olunub.