"Apple" nəhayət çoxdan gözlənilən iPhone 15 seriyasını təqdim etdi.

İqtisadiyyat.az xəbər verir ki, iPhone 15 və iPhone 15 Plus modellərində çoxsaylı dəyişikliklər yoxdur, amma bir sıra yeniliklər mütləq qeyd edilməlidir.

Yeni smartfon iPhone 14 Pro-larda olduğu kimi "Dinamik Ada" (Dynamic Island) kəsimi ilə buraxılıb. Bu yaxın gələcək üçün bütün iPhone-lar üçün yeni standartdır. Bilməyənlər üçün bildirək ki, "Dinamik Ada" smartfonun ön ekranında kameranın yer aldığı hissəcikdir. Orada təkcə kamera deyil, smartfona gələn bildirişlər və tətbiqlərin idarəedilməsi funksiyası da yer alır.

Yeni iPhone-lar 75% təkrar emal edilmiş alüminium, 100% təkrar emal edilmiş kobalt, 100% təkrar emal edilmiş mis və şüşədən hazırlanıb.

Smartfon yenilənmiş OLED Super Retina Displeylə təchiz edilib. Ən yüksək parlaqlıq 2000 nit-ə çatır. Sadə 15 seriyası 6,1 düymlük, 15 Plus isə 6,7 düymlük ekrana malikdir.

iPhone 15 və iPhone 15 Plus indi yeni 48 meqapiksellik kameraya malikdir.

Smartfonun cəmi iki kamerası var: 48 MP əsas kamera və 12 MP telefoto (f/1.6). İndi bu qadcetlər 2x optik böyütmə ilə çəkə bilir. Bütün səhnəni və ya kadrın istədiyiniz sahəsini çəkmək mümkündür.

Yeni iPhone-lar Apple A16 Bionic çipi ilə təchiz edilib. Şirkət optimallaşdırma və enerji səmərəliliyi üzərində işləyib, bunun sayəsində iPhone-lar artıq enerji doldurmadan bütün günü işləyə bilir.

Ən son U2 çipi də buraya inteqrasiya olunub. O, həmçinin yeni Apple Watch Series 9 və Apple Watch Ultra-da da istifadə olunur.

Yeni iPhone-lar beş rəngdə satışa çıxacaq: qara, mavi, yaşıl, sarı və çəhrayı.

Qiymətlərinə gəlincə, iPhone 15-in qiyməti 799 dollardan, iPhone 15 Plus modelinin isə qiyməti 899 dollardan başlayacaq.

Satışa 22 sentyabr tarixindən start veriləcək. Ön sifariş isə artıq bu gündən aktivdir.