ShrimpApplePro ləqəbli insayder iPhone 14 Pro Max smartfon modelinin mühəndis eskizlərini təqdim edib. Təqdim edilmiş eskizlərin maraqlı tərəfləri ondan ibarətdir ki, onlar sözügedən smartfonun ölçülərini təsdiqləyirlər.

Beləliklə iPhone 14 Pro Max-ın əsas fərqləndirici dizayn özəlliyi ondan ibarət olacaq ki, o, iPhone tarixində ən böyük ölçülü arxa kamera sahəsinə sahib olacaq. Məlumata əsasən bu il təqdim ediləcək iPhone 14 Pro Max modeli ölçü baxımından iPhone 13 Pro Max-dan bir qədər kiçik olacaq. Belə ki, yeni smartfonun uzunluğu 160.71 mm təşkil edəcək. Qeyd etmək lazımdır ki, iPhone 13 Pro Max-ın uzunluğu 160.8 mm təşkil edir. Bununla belə iPhone 14 Pro Max-ın ekranı maksimal dərəcədə nazikləşdirilmiş çərçivələr hesabına daha böyük sahəni əhatə edəcək.

 Bundan əlavə olaraq smartfonun arxa kamera sahəsinin hündürlüyü də qeyd edilib. O, 12.02 mm təşkil edəcək. Bu məlumat iPhone 14 Pro modellərinin 8K keyfiyyətində videolar çəkə biləcək daha təkmilləşdirilmiş kameralar ilə təchiz olunacaqlarını sübut edirlər. İkinci eskiz fotosu isə smartfonun ön panelini əks etdirir. Fotodan da görmək olar ki, smartfonun ekranı üzərində kiçik ölçülü iki ədəd çıxıntı yerləşir. Onlardan biri dairəvi, digəri isə oval formadadır. Bəzi məlmatlara əsasən dairəvi çıxıntıda ön kamera, oval formalı çıxıntıda isə Face ID sistemi yerləşəcək. Bəzi insayderlər həmçinin qeyd ediblər ki, iPhone 14 Pro modellərinin gövdələri titan ərintisindən hazırlanacaq. Qeyd etmək lazımdır ki, iPhone 14 smartfon seriyasının təqdimatı sentyabr ayında baş tutmalıdır.