İordaniya Misirlə ölkənin cənubundakı Aqaba vilayətinin sənaye zonasına təbii qaz tədarükü üçün müqavilə imzalayıb.


İqtisadiyyat.az xəbər verir ki, Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyindən verilən yazılı açıqlamada, neft və mineral ehtiyatlar naziri Tarik əl-Mollanın Əmmana səfəri zamanı İordaniyanın energetika naziri Salih əl-Harabişə ilə görüşdüyü bildirilib.

Görüş zamanı Misir və İordaniyanın enerji ehtiyatlarının şaxələndirilməsi məsələləri müzakirə edilib və iki ölkə arasında yeni qaz sazişinin imzalandığı açıqlanıb.

Nazir ölkəsinin təbii qazla bağlı təcrübəsini İordaniya ilə bölüşməyə hazır olduğunu bildirib.

İordaniyanın energetika naziri Harabişe də ölkəsindəki sərmayələri cəlbedici etmək səyləri çərçivəsində təbii qazın sənaye zonasına gətirilməsi layihələrinin əhəmiyyətinə diqqət çəkib.

Qeyd edək ki, İordaniya və Misir Ərəbistan Təbii Qaz Xəttinin birinci mərhələsi olan Aqaba və Əl-Ariş şəhərləri arasında təbii qaz kəməri ilə birləşir.