"YouTube" dünyada ən çox istifadə edilən platformalardan biridir. Burada rahatlıqla istənilən filmi, serialı və digər yayımları izləmək mümkündür. Təbii ki, reklamların çoxluğu istifadəçiləri bu platformadan bezdirənə qədər. Saysız-hesabsız reklamlar, bildirişlər artıq istifadədə müəyyən problemlərə yol açır. Məsələ ilə bağlı İqtisadiyyat.az-ın suallarını Sosial Media üzrə ekspert Azər Həsrət cavablandırıb:

  • Yutub platformasında reklam sayı intensivləşib bu nə ilə bağlıdır?

Yutub və bənzər platformalarda reklamların artmasının səbəblərindən biri istifadənin rahat olması, ikincisi isə bu platformalardakı reklamların qlobal səviyyədə olmasıdır. Nəticədə dünyanın hər yerində reklam almaq imkanı var. Ən vacib faktorlardan biri isə reklamların ucuz başa gəlməsidir. Ənənəvi media ilə müqayisədə bu reklamlar daha geniş auditoriyaya çatdırılır.

  • Bu hal qanunvericilikdə özünü hansı şəkildə tapır?

Qanunvericilikdə yutubda reklamla bağlı hər hansı məhdudiyyət yoxdu. Burada qanunların işləmədiyini deyə bilmərik. Gəlir varsa, ordan müəyyən vergilərin ödənilməsi həyata keçirilməlidir. Lakin məhdudlaşdırıcı hər hansı qanun yoxdur. Bunu tənzimləməyə zərurət var.

  • Son günlər yutubda reklamlar əvvəlkinə nisbətən daha çox intensivləşib. Bunun səbəbi nədir?

Bu auditoriyanın genişliyi ilə bağlıdır. Reklam bu platformada daha rahat, daha əlçatandır. Əslində reklamların sayının artması reklam verənlər üçün yaxşıdır, istifadəçilər üçün isə pis. Reklamların getdikcə çoxalması istifadəçiləri bezdirir.

  • Yutubda reklamların intervalı var? Varsa, nə qədər olmalıdır?

Yutubda dəqiq bir rəqəmlə bu interval müəyyən olunmayıb. Lakin intervallar ağıla batan olmalıdır. Çünki, reklamlar tez-tez verildiyi üçün  bezdirici olmağa başlayıb. Uzun intervalla reklamların olması izləyiciləridə əlavə gərginlik yaratmayacaq.

  • Televiziyada reklamlar müəyyən qaydalarla yayımlanır. Bəs sosial platformalarda reklamlar üçün belə qaydalar mövcüdurmu?

Ölkə olaraq yutub və ona bənzər platformalara öz qaydalarımızı tətbiq edə bilməmişik. Çıxış yolları da hələki göstərilməyib. Amma qardaş Türkiyədə ölkə ərazisində 1 milyondan çox istifadəçisi olan sosial media platformalarının təmsilçilik açması qanununu var. Düşünürəm ki, Türkiyədəki bu qanun layihəsi kimi Azərbaycanda da qanun qəbul edilsə, bir çox məsələni həll etmək daha rahat olacaq.

  • Reklamların çoxluğu ilə bağlı şikayətçi müraciətini hara ünvanlamalıdır?     

Təəssüf ki, belə bir qurum mövcud deyil. Azərbaycanda yutubun təmsilçisi olmadığı üçün digər ölkələrdəki təmsilçilərə, hətta şirkətin özünə müraciət edilə bilər. Ordan da gələcək cavab ürək açan olmayacaq. Çünki deyəcəklər ki, bu bizim qaydalar çərçivəsindədir. Onların bizim qarşımızda hər hansı öhdəlikləri yoxdur. İstifadəçilər yutuba daxil olmazdan əvvəl qaydaları və şərtləri qəbul edirlər. Lakin, dövlət daxilində hələ ki, şikayət edib, nəsə nəticə almaq mümkün deyil. Dediyim kimi təmsilçilik açılarsa onun vasitəsi ilə artıq özü məsələyə əl qoya bilər.

Məhəbbət Məmmədov