İnstaqram istifadəçiləri olaraq postlarımızın arasında izləyicisi olmadığımız səhifələrdən reklamlar və ya izlənilməsi tövsiyyə edilən səhifələr görməyə artıq öyrəşmişik. Burada diqqət çəkən bir məqam var. Qarşımıza çıxan reklamlar və ya postlar son vaxtlar bizim axtardığımız kontentə çox oxşayır. Bəs İnstaqramın sizə niyə məhz bu cür reklamlar və ya postlar çıxarması haqqında düşünmüsünüzmü? Son bir viral tendensiya insanların İnstaqramın görmək istədiklərinə inandıqları reklamları idarə etməsinə şərait yaratdı və nəticələr təəccüblü, bəzən sadəcə bir az qorxunc oldu.

Şirkət artıq bir müddətdir ki, bu funksiyanı təklif edir və onun ana şirkəti Facebook-un da oxşar funksiyası var.
Bəs instaqram reklam maraqlarını necə müəyyənləşdirir?

İnstagram maraqlarınızın bir hissəsini tədbiqi istifadə edərkən göstərdiyiniz fəaliyyətinizə, o cümlədən izlədiyiniz hesablara və bəyəndiyiniz yazılara əsasən təyin edir. Ancaq bu İnstaqramın seçimlərinizi öyrənmək üçün istifadə etdiyi yeganə yol deyil. Şirkətin dəstək səhifəsinə görə, o, Facebook-dan aldığı məlumatlarından da istifadə edir. Bu iki platforma məlumatı bir-biri ilə olduqca sərbəst şəkildə paylaşır, xüsusən də əgər siz hesablarınızı birləşdirmisinizsə.

Daha da təəccüblüsü, İnstagram maraqlarınızı təyin etmək üçün istifadə etdiyiniz üçüncü tərəf proqramlardan və saytlarından toplanmış məlumatlardan da istifadə edir.  Bunu bir neçə yolla etmək mümkündür. İlk növbədə, bəzi proqramlar var ki, siz o proqramların sizin Instagram və Facebook-da hesablarınıza daxil olmasına icazə verirsiniz. Məsələ orasındadır ki, siz bu icazəni özünüz də bilmədən verirsiniz. Belə ki, siz hansısa səhidə Facebook və ya Google vasitəsi ilə qeydiyyatdan keçsəniz avtomatik olaraq daxil olduğunuz saytlar sosial media hesablarınız əlaqələnəcək və arxa fonda Facebook sizin axtarışlarınızı izləyəcək. Facebook isə öz məlumatlarını İnstaqram ilə paylaşdığı üçün sizin reklam maraqlarınız qismən müəyyənləşmiş olacaq.

Başqa bir yol isə, internetdə olan Facebook-un botlarıdır. Əgər hansısa saytda Facebook-un “bəyənmə” düyəsini görsəniz bilin ki, Facebook sizin o səhifəyə girişinizi və səhifədəki fəaliyyətinizi rahatlıqla öyrənə bilər, hətta siz hesabınızdan çıxış etsəniz belə. Facebook həmçinin reklamçıların saytlarında yerləşdirdiyi Pixel adlı kod parçasından istifadə edir. Bu kod sizin fəaliyyətinizi izləyir və onu Facebook-a bildirir.

Eşqin Həsənov

// İqtisadiyyat.az