Son həftələrdə Bakıda adətən filmlərdə gördüyümüz hadisələr – soyğun, atışma kimi bir neçə olay yaşandı. Mənzərələr bizə o qədər tanış olmasa da istənilən şəraitdə ayıq-sayıq olub, özümüzü qorumalıyıq. Olduğumuz məkanda bu cür insidentlər baş versə, ilk olaraq nə etməliyik? 

Bu barədə təhlükəsizlik eksperti Elmar Nurəliyev İqtisadiyyat.az-a danışıb. O bildirib ki, insan bu vəziyyətdə ilk olaraq hadisəni qiymətləndirməli, özü üçün təhlükəsiz bir yer seçməlidir: 

“Daha sonra məlumatı telefon vasitəsilə və ya həyəcan siqnalı ilə ötürməyə çalışmalıdır. Əgər çıxış üçün imkan varsa, çıxmalıdır. Bu həm insanın özü üçün lazımdır, həm də hadisə yerinə gələn hüquq-mühafizə orqanlarını məlumatlandırmaq üçün. Əgər məkan bir ticarət mərkəzidirsə, insanlarda ən azından ilkin məlumatlar olmalıdır ki, bu məkanın təhlükəsiz toplanma yeri, ehtiyat çıxışı haradadır?

 

 

Normalda heç kimin ağlına gəlmir ki, getdiyi məkana dair bu məlumatları öyrənsin, bəlkə də ətrafımızda barmaq sayı qədər belə insan olar. Ona görə də, cəmiyyətdə bu vərdişlər formalaşdırılmalıdır. Əgər bir otelə, bir istirahət mərkəzinə gediriksə, həmin yerin administratorundan soruşmaq lazımdır ki, çağırış nömrələri hansılardır, bir hadisə olsa biz haradan çıxmalıyıq?” 

Ekspert sonda əlavə edib ki, məktəblərdə və iş yerlərində də bununla bağlı məlumatlandırma olmalıdır və yaxud da insanlar özləri kurslara gedib bu məlumatları öyrənməlidirlər.