İndoneziya hakimiyyəti 2020-ci ilin sonuna qədər xarici turistlər üçün sərhədləri açmayacaq.
Bu barədə İndoneziyanın Dəniz İşləri və İnvestisiyalar üzrə əlaqələndirici naziri Luhut Binsar Pancaitanın bəyanatında deyilir.
İndoneziya hakimiyyəti mart ayının sonlarından etibarən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkə sərhədlərini bağlayıb.
“Hökumət iqtisadiyyatın bu sektorunun bərpası üçün daxili turizmə diqqət ayıracaq”, - deyə Luhut Binsar Pancaitan bildirib.

Onun sözlərinə görə, hakimiyyət daxili turizmin ümumi turizm sektorunun ən azı 70 faizini əhatə etməsinə çalışacaq. Beləliklə, bu il xarici turistlər üçün sərhədlər açılmayacaq.
“Hesablamalara görə, hər il milyona yaxın indoneziyalı qonşu Malayziya və Sinqapura səyahət edir və orada milyardlarla dollar pul xərcləyir. Hökumət bu vəsaitlərin ölkə daxilində xərclənməsinə nail olmaq istəyir”, - deyə Luhut Binsar Pancaitan sözlərinə əlavə edib.
Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, İndoneziyada koronavirus infeksiyasına yoluxanların sayı 132 min 816 nəfərə, ölənlərin sayı isə 5 min 968 nəfərə çatıb. Eyni zamanda, 87 min 558 nəfər COVID-19 xəstəliyindən sağalıb.Fins.az