"ABŞ Rusiya-Ukrayna müharibəsinin uzanmasında davamlıdır".
Bu sözləri Polşa-Ukrayna münasibətlərinin korlanmasına münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İqtisadiyyat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ilə münasibətlərin korlanmasını istəmir:
"Əslində Ukraynanın göstərilən dəstəyi laızmi səviyyədə dəyərləndirməməsi münasibətlərin soyumasına səbəb olub. Zelenski və onun komandası daimi olaraq Qərb ölkələrinin və Polşanın arzuolunan səviyyədə olmadığını qeyd edir. Çünki müharibə aparan dövlət üçün dəstək daha çox olmalıdır. Rəsmi Kiyev Zelenskinin açıqlamaları ilə göstərmək istəyir ki, Ukrayna məhdud imkanlarla əks-hücum əməliyyatlarını davam etdirir. Lakin bu yanaşma Ukraynanın mütəffiqləri ilə münasibətini korlayır. Bu, indiki halda zelenskiyə lazım deyil.
Əgər Ukrayna-Polşa münasibətləri korlanarsa, rəsmi Kiyevin itkisi çox olacaq. Bir müddət öncə “Vaqner”in Belarus milli ordusu ilə təlimlərə başlaması səbəbi ilə Polşa 1000-dən çox hərbçisini Belarusla sərhədinə yerləşdirib. Polşanın Baş naziri Mateuş Moravietski bildirib ki, “Vaqner” NATO-nun şərq cinahının sabitliyini pozmağa cəhd edir. Hətta buna qarşı Polşada hazırlıq işləri görülür. Ola bilər ki, Polşa bu addımı ilə Ukraynadan uzaqlaşdığını Rusiyaya göstərmək istəyir. Bu baxımdan hesab edirəm ki, Ukrayna diqqətli davranmalı və mütəffiqlərin yardımını düzgün qiymətləndirməlidir".
Qeyd edək ki, Polşanın Ukraynadakı səfiri Bartoş Çiçokki Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Buna Polşa Prezidenti Anjey Dudanın beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın Ukraynanı nankorluqda ittiham etməsi səbəb olub.
Gülşən Şərif