“Hazırda Kəlbəcərdə  olan suların radioekoloji yoxlanışı aparılır. Ötən yay 13 bulaqda, bir neçə gün öncə isə 4 bulaqda tədqiqatlar aparmışıq.

Kəlbəcərdə olan suların iki cür təbliğatı var. İçməli su, mineral su. Orada olan adi bulaq suyu, terapiya vannaları digər müalicə üsulları suların radioaktiv mənbəyindən və kimyəvi  tərkibindən asılıdır. Hazırda bu proseslər davam edir və bu ildən daha da gücləndiriləcək”.

Bu fikirləri İqtisadiyyat.az-a AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev deyib.

 

 

Ekoloq bildirib ki, ermənilərin yaratdığı infrastruktur çox  keyfiyyətsizdir, sıradan çıxıb:

“Biz içməli və müalicəvi su üçün Kəlbəcərdə yeni iki cür infrastruktur layihələri hazırlayacağıq. Hazırda dəqiq proqnoz verə bilmirik. Çünki tədqiqat işləri gedir, yeni ekspedisiyalar təşkil etmişik, tam dəqiq 2 aydan sonra bəlli olacaq.Bu bulaqların hamısını aşkar etmək, resurslarını müəyyənləşdirmək lazımdır. İndi adi sular benzindən bahadır. Biz  Kəlbəcərdə olan bulaqların suyunu çıxarıb, qablaşdırsaq və xaricə, yaxın ərəb ölkələrinə göndərsək yaxşı nəticələr alarıq”.

İslam Mustafayev deyir ki, Azərbaycanın hal-hazırda olan suları düzgün idarə olunsa, içməyə də, suvarmaya da çatacaq:

“Ölkədə su itkisi 50 faizdir, adam başına bir litr su verməli olduğumuz halda biz iki litr veririk. Bakıda sulara milyonlarla manat xərcləyirlər sonra onunla maşın yuyurlar, ağac suvarırlar.Belə sular texniki sular olmalıdır. Kürdə suyun səviyyəsi də artmaqdadır. Bir neçə gün öncə özüm orada olaraq müşahidə etmişəm”.