Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhardsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması Latviyanın aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır. Azərbaycan Latviya ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir latviyalı sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb. 

Latviyanın kənd təsərrüfatı naziri cənab Kaspars Gerhards isə öz növbəsində ölkəsinin Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Görüşdə kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. 
Bildirilib ki, Azərbaycanla Latviya kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı istiqamətlərində əməkdaşlığı genişləndirə bilər.

Görüş çərçivəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. 
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.