Azərbaycanda fermerlərin Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılan (yerli) taxıl növlərinə marağı artıb.

Bunu açıqlamasında nazirliyin şöbə müdiri İmran Cümşüdov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə əkilən taxılın 70-80 %-i yerli növlərin payına düşür: "Çünki yerli növlər  yerli şəraitə daha uyğundur, daha davamlıdır, daha məhsuldardır. Bu növlərdən istifadənin daha da genişləndirilməsi üçün maarifləndirmə işləri aparılır. Eyni zamanda, davamlı və məhsuldar növlər seleksiya materiallarından istifadə edərək yeni növlər yaradılır. İndiyə qədər Əkinçilik Elmi-Tədqiqat İnstitutunda kvota əsasında 1 100 tondan çox yüksək reproduksiyalı elit toxum istehsal edilib və ölkədə fəaliyyət göstərən toxumçuluq subyektlərinə güzəştli şərtlərlə satılıb".

Bununla belə, nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycana digər ölkələrdən taxıl növlərinin gətirilməsi də əngəllənmir: "Ölkəmizə yüksək reproduksiyalı R1, R2, elit toxumlar idxal edilir. Bu toxumlar sınaqdan və qeydiyyatdan keçirilir, dövlət reystrinə daxil edilir. Əsas məqsəd odur ki, fermerlərin keyfiyyətli toxumlardan istifadəsinə nail olaq. Xarici növlər qeydiyyatdan keçibsə, onun ölkəyə gətirilməsini əngəlləməli deyilik. Sadəcə fermerlər yerli növlərə üstünlük verir".

İ.Cümşüdovun sözlərinə görə, hazırda Azərbaycanda taxılın təxminən 50-55 %-i suvarma, qalan hissəsi isə dəmyə şəraitində əkilir: "Dəmyə şəraiti üçün quraqlığa davamlı növlərin yaradılması vacib məsələdir. Eyni zamanda, Əkinçilik-Elmi-Tədqiqat-İnstitutunda alimlərin tövsiyəsi əsasında müasir becərmə texnologiyalarından istifadə edilməsi ilə bağlı çağırışlar olur. Çünki dünyada susuzluqdan əziyyət çəkən bölgələrdə yeni texnologiyalardan istifadə edilməklə əkin aparılır. Torpağı səthi və dərin becərməklə, dərindən yumşaltmaqla taxıl əkinləri var. Bizim ölkəmizdə də bu texnologiyalardan istifadə etməklə əkin aparılması mümkündür".