"CIDC-2023" kimi genişmiqyaslı tədbirlərin keçirilməsini yeni irihəcmli layihələrin başlanğıcı kimi qiymətləndirmək olar. Bu isə bizim üçün yeni imkan və yeni məsuliyyətdir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2023”in (CIDC-2023) açılışında XRİTDX rəisi general-leytenant İlqar Musayev deyib.

İlqar Musayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində inamlı qələbədən və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən sonra Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb. Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkəyə, 21-ci əsrin qalib dövlətinə çevrildi. Bunu həzm edə bilməyən ölkələr digər sahələrdə olduğu kimi informasiya təhlükəsizliyi sahəsində də ölkəmizə qarşı müəyyən problemlər yaratmağa çalışırlar. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən hətta bizdən çox müasir texnologiyalara malik ölkələrin də kiberhücumlara qarşı həssas olduğunu qeyd edərək kibertəhlükəsizliklə ciddi şəkildə məşğul olacağımızı bildirib:

“Belə genişmiqyaslı tədbirlərin keçirilməsini yeni irihəcmli layihələrin başlanğıcı kimi qiymətləndirmək olar. Bu isə bizim üçün yeni imkan və yeni məsuliyyətdir.

Son illər dünyada və ölkəmizdə baş verən hadisələr fonunda yeni reallıqlar kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin gücləndirilməsi məsələlərini də aktuallaşdırıb. Qeyd edim ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda da kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi yer verilib. Həmçinin son illər bu istiqamətdə görülən işlər, qəbul edilən normativ hüquqi aktlar, yaradılan kiberməktəblər də bunun bariz nümunəsidir. Bu baxımdan Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərinin kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının keçirilməsi xüsusi əhəmiyyət daşıyır”, - deyə İlqar Musayev əlavə edib.