“Hazırda Bakıda mənzil bazarında stabillik höküm sürür, hər hansı sıçrayışlı qiymət artımı yoxdur. Demək olar ki, qiymətlər stabildir”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, ötən ayla müqayisədə 1-2 faiz qiymət artımı müşahidə olunur ki, bu da ciddi hesab olunmur: “Ümumən, yay aylarında mənzil bazarında alqı-satqıda durğunluq olduğu üçün o qədər də qiymət artımı baş vermir. Əsas qiymət artımı sentyabr-oktyabr aylarında baş verir. Hər il ənənəvi olaraq bunu görürük. İlin əvvəli ilə müqayisədə 5-6 faizlik qiymət artımı var və o da çox deyil”.
R.Qasımzadə qeyd edib ki, yeni binaların tikintisi ilə bağlı əvvəlki aktivlik müşahidə olunmur: “Əvvəlki qədər tikinti bumu olmadığına görə qiymətlər ucuzlaşmır. Ancaq sentyabr-oktyabr aylarında mənzil bazarında aktivliyin artması gözlənilir ki, bu da qiymətlərə öz təsirini göstərəcək”.