"Azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq".

Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye zonaları yaradılır həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.

Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik", - dövlət başçısı bildirib.