"Əvvəlki illərə nisbətən Azərbaycan özü daha çox buda istehsal etməyə başlayıb və bu səbəbdən buğda idxalına olan tələbatı azalmaqda davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Bakıda keçirilən “Global Grain Outlook 2022" adlı XII Beynəlxalq Taxıl Ticarət Konfransında “Aqrar Bazar Konyukturası İnstitutu”nun (İKAR) Baş direktoru Dmitri Rılko deyib.

Onun sözlərinə görə, son onilliklər ərzində Azərbaycanın buğda idxalında çox ciddi hərəkətlilik baş verib:

"Qazaxıstanda iki ağır il olub məhsuldarlıq baxımından və Rusiya bundan yararlanaraq ondan ciddi bazar payı alıb. Qazaxıstan hazırda ixracda əsas aksenti Orta Asiya ölkələrinə edib. 2020-ci ildən bu yana Azərbaycanın bu ölkədən buğda idxalının getdikcə az alması böyük ehtimalla həm də ölkənin özünün daha çox buğda istehsal etməsi ilə bağlıdır. Düşünürəm ki, Azərbaycanın buğda idxalına olan tələbatı getdikcə azalmaqda davam edəcək", - deyə o, əlavə edib.

Ekspert dünyada buğdaya tələbatın yüksək olduğu və Rusiyada rekord məhsulun yığıldığı bir vaxtda Rusiyanın öz ixrac potensialını tam şəkildə reallaşdıra bilmədiyini diqqətə çatdırıb.

"Bu cür durumun yaranmasının əsas səbəblərindən biri Rusiya taxılı ilə bağlı qeyri-formal sanksiyaların və ya nüfuz risklərinin olmasıdır. Bununla yanaşı daha konkret problemlər də mövcuddur. Əvvəla Rusiyanın milli valyutası dollar qarşısında xeyli möhkəmlənib. Bu isə bizim ixracın rəqabət qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır. Digər tərəfdən iri həcmdə taxılı mütəmadi olaraq yükləmək üçün Qara dənizə davamlı şəkildə yükdaşıma qabiliyyəti 50 min ton və ondan yüksək olan gəmilər gəlməlidir. Lakin tək bizdə deyil digər ixracatçı ölkələrdə də bu cür su nəqliyyatının çatışmazlığı var. Bizim ixrac imkanlarımızı ciddi şəkildə məhdudlaşdıran digər məqam alıcı çatışmazlığıdır. Belə ki, 24 fevraldan yəni məlum hadisələrdən sonra Rusiyadan taxıl idxal edən ölkələrin sayı kəskin azalıb.

Ötən ilin sentyabrında 34 ölkəyə buğda ixrac etmişdiksə bu ilin eyni ayında bu rəqəm 27 olub. Düzdür paralel olaraq 4 əsas idxalatçılarımız, o cümlədən Səudiyyə Ərəbistanı, Misir, İran və Türkiyə paylarını kəskin artırıblar. Lakin belə bir vəziyyətin formalaşması çox da yaxşı hal deyil. Çünki bu, bizim portfelin diversifikasiya imkanlarının ciddi şəkildə məhdudlaşdırır. Az əhəmiyyətli olmayan digər amil Rusiya duğdasına edilən böyük endirimlərlə bağlıdır. Bu gün həmin rəqəm hətta 25 ABŞ dollarına belə çatır. Bütün bunlar nəticə etibarı ilə Rusiya ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və onun potensialını tam şəkildə reallaşdırmağa imkan vermir".