Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin son görüşündə “ğdır-Naxçıvan-Qars dəmir yolu xəttinin çəkilməsinin yaxın zamanda başa çatacağını bəyan edilib.

Yeni dəmir yolu xəttinin istifadəyə verilməsi nələr vəd edir?

İqtisadiyyat.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında bu sual ətrafında paylaşım edib.

O bildirib ki, bütövlükdə, Qars-İğdır-Naxçıvan dəmir yolunun inşası regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından vacibdir: “Bu dəmir yolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq. Sözügedən dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə Naxçıvan daxil olmaqla, Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıracaq. Nəticədə beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcmi əhəmiyyətli dərəcədə çoxalacaq”.

V. Bayramovun sözlərinə görə, yeni xətt, həmçinin, Azərbaycanın beynəlxalq geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradacaq: “Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası Naxçıvandakı iş adamları üçün geniş imkanlar açır ki, istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq. Təbii ki, qarşıda duran əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasıdır. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisində olan hissəsinin tikinti-quraşdırma işlərinin artıq 80 faizdən çoxunu yekunlaşdırıb, amma təəssüf ki, Ermənistan tərəfindən hələlik ciddi addımlar atılmayıb”.

“Qafqazdakı son düzən və eləcə də nəqliyyatın inkişafı ilə bağlı Azərbaycanla Türkiyə arasındakı anlaşmalar ondan xəbər verir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi istisna deyil”, - V. Bayramov əlavə edib.