İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratmaq qərarını tanıyıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.
Bildirilib ki, İƏT Baş Katibliyi Azərbaycanın təhlükəsizlik təhdidlərinə cavab olaraq, beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsi yaratmaqla bağlı qanuni qərarını və addımını tanıyır. Baş katiblik bu məsələdə isə 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanata istinad edir.
Eyni zamanda İƏT Ermənistanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırır. Qeyd olunub ki, sərhəd təhlükəsizliyinin təmin olunması Azərbaycan hökumətinin milli təhlükəsizlik işi olmaqla bərabər, həm də qanunun aliliyinin tələbidir.
Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilmiş 49-cu sessiyasında və əvvəlki sessiyalarda Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınması və hörmət əsasında normallaşdırılması çağırışını təkrarlayıb.