Gələn ilin yanvarın 1-dən etibarən icbari tibbi sığorta bütün ölkəni əhatə edəcək. Həmçinin Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar icbari tibbi sığorta haqqı ödəməyəcək. Onlar üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub.

Bəs ayrılan vəsait tibbi sığortanın hazırlığı üçün həyata keçiriləcək prosesləri tam əhatə edə biləcəkmi?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğuya cavab verilib. Agentlikdən bildirilib ki, ölkə başçısının 22 dekabr 2018-ci il tarixli 431 nömrəli “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanına əsasən cari il üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ayrılan vəsait həm icbari tibbi sığorta üzrə pilot layihənin icrası, həm agentliyin saxlanılması, həm də icbari tibbi sığortanın 01 yanvar 2020-ci il tarixindən ölkədə tətbiqi məqsədi ilə hazırlıq işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş xərcləri özündə ehtiva edir:

“İcbari tibbi sığortanın ölkədə tətbiqi məqsədi ilə həyata keçirilən tədbirlər əsasən TƏBİB-in tabeliyinə veriləcək dövlət səhiyyə sisteminə daxil olan müəssisələrin elektronlaşdırılması və həmin müəssisələrdə informasiya texnologiyalarının geniş tətbiqi ilə bağlıdır. Sözügedən tədbirlərin maliyyələşməsi üçün ayrılan vəsait onların tam icrasına kifayət edir”.(musavat.com)