İran prezidenti İbrahim Rəisi çərşənbə günü Tehranda HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib.

İqtisadiyyat.az-ın məlumatına görə, görüş zamanı Rəisi bildirib ki, regionda təhlükəsizliyin təmin olunmamasının əsas səbəbi İsraildir. 

"Məzlum Qəzza xalqının güclü müqaviməti sayəsində Fələstin məsələsi İslam dünyasının hüdudlarından kənara çıxıb və bütün bəşəriyyətin probleminə çevrilib. Dünya xalqları cinayətkar sionist rejimə və onun əsas dəstəkçisi olan ABŞ-yə bütün qəlbləri ilə nifrət edirlər", - deyə Rəisi bildirib.

O əlavə edib: "Qəzzadakı son hadisələr Amerika və uşaqları öldürən sionist rejimi dəstəkləyən bəzi Qərb ölkələri üçün növbəti böyük qalmaqala çevrilib". 

Haniyə də öz növbəsində Qəzza xalqına verdiyi dəstəyə görə İrana və İran xalqına təşəkkür edib.

Bundan əvvəl Haniyə Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın ali dini lideri Xamenei ilə görüşüb.