Mayın 21-dən 25-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.

Bu barədə  İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Beş gün davam edəcək festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerikan bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.

Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar sırasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.

Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq və dünya musiqi ədəbiyyatı üçün vacib hesab edilən əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.

“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

Festivalın açılış konserti mayın 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. Müasir musiqi layihəsi Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi (25 may, 19:00) ilə başa çatacaq.

Layihə haqqında daha ətraflı məlumat almaq üçün festivalın rəsmi saytına (www.baku-contemporary-music-days.com) keçid etmək, eləcə də sosial şəbəkələrdə (facebook: facebook.com/profile.php?id=100091963675094, instagram: https://www.instagram.com/baku_music_society/) izləmək mümkündür.