Yəmənin Husilər üsyançı hərəkatı Ədən körfəzində ABŞ bayrağı altında üzən "Torm Thor" neft tankerinə raket zərbəsi endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriyə Husilərə məxsus "Əl Məsirə" telekanalında deyib. 

"Yəmən Hərbi Dəniz Qüvvələri yüksək keyfiyyətli əməliyyat həyata keçirərək, Ədən körfəzində Amerikanın "Torm Thor" neft tankerinə gəmi əleyhinə raketlərdən istifadə edərək hücum edib", - Səriyə bildirib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı məlumat vermişdi ki, USS Mason esminesi Yəməndən atılan gəmi əleyhinə raketi məhv edib. Komandanlığa əsasən, raketin hədəfi ABŞ-yə məxsus və idarə olunan neft və kimyəvi tanker olan "Torm Thor" olub.

Bundan əlavə, husilər Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin bir neçə gəmisinə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb: "Hərbi-hava qüvvələri pilotsuz təyyarələrdən istifadə etməklə Qırmızı dənizdə ABŞ-nin bir sıra hərbi gəmilərinə hücum edib".