Çinin telekommunikasiya və texnologiya nəhəngi Huawei ABŞ-nin ixrac qadağaları və şirkətə qarşı sanksiyalarının təsiri ilə yaşadığı itkilərdən sonra iki il ərzində ilk dəfə gəlirində artım olduğunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin birinci yarısının hesabatına əsasən, ilk 6 ayda şirkətin gəlirləri illik müqayisədə 3,1 faiz artaraq 310,9 milyard yuana (42,98 milyard dollar) çatıb, gəlirliliyi isə 15 faiz artıb.

ABŞ-nin 2019-cu ildə “milli təhlükəsizlik” səbəbi ilə ABŞ şirkətlərinə Huawei-dən ixrac qadağası qoymasından sonra Huawei-in gəlirləri 2021-ci ildə illik 29,4 faiz, 2022-ci ildə 5,9 faiz azalıb.

Ancaq şirkət 2021-ci ildə 9,8 faiz, 2022-ci ildə isə 5 faiz mənfəət əldə edərək, gəlirlərinin azalmasına baxmayaraq, son iki ildə xalis gəlirliliyini qoruyub.