Horadiz-Ağbənd dəmir yolu xəttinin 110,4 kilometrlik hissəsinin tikintisi tamamlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu gün Azərbaycan Dəmir Yolları QSC-nin təşkilatçılığı ilə media nümayəndələrinin əraziyə media-turu təşkil olunub. Bildirilib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb.

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə 140,6 km-dir. Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu, (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110.4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.

Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.