Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib. Bundan əlavə, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib. Hökumətin yeni qərarının Azərbaycanda benzinin qiymətinə təsirlərinin olub-olmaması ilə bağlı müzakirələr gündəmə gəlib.

Mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, məntiqlə ölkədə benizinin qiyməti ucuzlaşmalıdır.

Lakin o bildirib ki, burada söhbət ölkəyə xaricdən gətirilən “Aİ-92” markalı benzinin həcmindən gedir. Buna görə də ekspert hesab edir ki, yeni qərar benzin bazarında qiymətlərin stabil qalması üçün verilib:

"Çünki Rusiya bir neçə ay müddətinə benzin və dizel yanacağının ixracatına qadağa qoydu. Biz indi, yəqin ki, başqa ölkələrdən, əsasən də Qazaxıstandan çatışmayan hissəni alacağıq. 
Ölkə bazarında benzinin bahalaşmaması üçün yeni qərar verildi. Lakin təəssüf ki, qiymətlər ucuzlaşmayacaq. Çünki bu, ölkə ərazisində istehsal olunan məhsullara deyil, ancaq aksiz vergisinə, yəni ölkəyə gətirilən məhsullara aiddir. Bu, həmçinin “Aİ-95” və “Aİ-98” markalı benzinlərə də aiddir. Onlar xaricdən gətirilir. Onlar və aviakerosin istisnadır".

Qeyd edək ki, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. 

Sadiq Cavadov